| | az | en | ru
XƏBƏRLƏR
19.01.2017
20 Yanvar tariximizin şərəf və qəhrəmanliq səhifəsidir ...
17.01.2017
Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun ilk iclası keçirilib ...
12.01.2017
“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi sahilə yan almaq üzrədir ...
Xəbərlərin arxivi

Şirkət haqqında

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.

Nəqliyyat donanmamızın tərkibində 98 gəmi, o cümlədən 34 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 35 texniki, təchizat və xidməti-köməkçi gəmi vardır. İxtisaslaşdırılmış donanma isə 188 gəmidən, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sərnişin, 2 borudüzən, 11 dalğıc, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisindən və 84 xidməti və köməkçi gəmidən ibarətdir.

Avropa – Qafqaz – Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir.

Bu fəaliyyətin tarixi çox zəngindir. Azərbaycanda gəmiçiliyin inkişafı neft sənayesinin yaranması və tərəqqisi ilə sıx bağlıdır.

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker – “Zərdüşt” də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli “Vandal” (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb.

Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.

Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur… Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir.

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına “çay-dəniz” tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı – Türkmənbaşı gəmi-bərə keçidi işə salınır.

1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa - Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır.

Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında” sərəncamı ilə “Azərneft” birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz bu tarixdən başlanır. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilir. Bunlar əsas etibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi “Xəzərdənizneftdonanma” idarəsinə çevrilir.

Bugün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az